Azərbaycan musiqili teatrının şah əsəri, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz irsi olan «Arşın mal alan» operettası uzun illərdən sonra yenidən Təbriz tamaşaçılarının görüşünə gəlib.
«Azerbaijan Post» bildirir ki, müəllifi və quruluşçu rejissoru doktor Məhəmməd Fərşbaf olan tamaşa «Otdar» (Ootlar) sənət məcmusunun təqdimatında səhnələşdirilib. Tamaşa Təbrizin mədəniyyət və incəsənət mühitində böyük bir canlanmaya səbəb olub və teatrsevərlər tərəfindən coşqu ilə qarşılanıb. Bu irimiqyaslı layihə, səhnə arxası və səhnə önü daxil olmaqla, təxminən 40 nəfərdən çox nəhəng bir sənətçi heyətinin birgə əməyi sayəsində ərsəyə gəlib və Təbriz teatr tarixində dərin iz qoymağı bacarıb.
İlk növbədə, Üzeyir bəyin bu klassik əsəri, Azərbaycan xalqının adət-ənənələrini, ailə dəyərlərini, yumorunu və milli kimliyini ən gözəl şəkildə əks etdirən bir güzgüdür. Uzun illər bu cür irimiqyaslı musiqili tamaşalardan uzaq qalan Təbriz tamaşaçısı, xüsusilə gənc nəsil, öz milli klassikası ile teatr salonunda canlı olaraq tanış olmaq imkanı qazanıb. Bu, milli musiqi və teatr yaddaşının gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz bir addımdır. Digər tərəfdən, bu miqyasda bir musiqili komediyanın, geniş rəqs qrupları, zəngin aktyor heyəti və mürəkkəb dekorasiya strukturu ilə uğurla icra olunması, Təbriz teatrının texniki və bədii potensialının nə qədər yüksək olduğunu bir daha sübut etdi. Tamaşa, şəhərdə teatr sənətinə və ana dilində olan dramatik əsərlərə qarşı böyük bir maraq oyanışına səbəb oldu.
Dr. Məhəmməd Fərşbafın ssenari və rejissor yanaşması əsərin klassik toxumasına müasir cəmiyyətin ritmini və yumorunu qataraq tamaşaçını həm güldürdü, həm də düşündürdü. İllərdir bu cür peşəkar musiqili səhnə əsərlərinə susayan Təbriz elitası və xalqı üçün bu tamaşa mənəvi bir qida rolunu oynadı.
Bu büyük layihənin arxasında peşəkar və fədakar bir yaradıcı kollektiv dayanır. Tamaşanın ərsəyə gəlməsində xidməti olan əsas simalar olaraq, yazıçı və rejissor Dr. Məhəmməd Fərşbaf, başçı və rəhbərlər Yaşar İrani ilə Rəna İrani, prodüserlər Armin Purfəthi və Sasan Kərbasi, xoreoqraf Fərzad Növseyri böyük əmək sərf ediblər. Layihənin icraçı müşavirliyini Dr. Əli Məratibi, rejissor köməkçiliyi və planlaşdırma işlərini Sina Şakirnəsub və Fərzad Növseyri, rejissor köməkçiliyi və suflyorluq vəzifəsini isə Solmaz Məhəmmədyan öhdələnmişdir. Səhnə və dekorasiya dizaynı ilə icrası Sasan Kərbasiyə, geyim dizaynı və dərzi işləri Rəna İraniyə məxsusdur. Tamaşanın texniki hissəsində işıq və səs dizayneri Kuroş Səfayifər, musiqi və səs operatoru Ərşiya Səngi, video çəkiliş isə Əmir Mehdi Xeyri tərəfindən idarə olunmuşdur.
Tamaşanın uğur qazanmasında rolların düzgün ifası və aktyorların yüksək enerjisi böyük rol oynayıb. Səhnəyə daxil olma sırasına görə aktyor heyətində Sina Şakirnəsub, Rüqəyyə Şadxah, Səmanə Babazadə, Yusif Əkbərzadə, Şəqayiq Nəsiri, Məsumə Abbasi, Solmaz Məhəmmədyan, Əlirza İbadullahi və Dr. Məhəmməd Fərşbaf yer almışlar.
«Arşın Mal Alan»ın musiqili ab-havasını və milli ruhunu tamamlayan ən mühüm amillərdən biri də şübhəsiz ki, xoreoqraf Fərzad Növseyrinin rəhbərliyi altında çıxış edən rəqs qrupları olub. Təxminən 20 nəfərə yaxın rəqqas heyəti səhnədə vizual bir ziyafət yaradaraq tamaşanın dinamikasını hər an yüksək tutub.
Qadınların rəqs qrupunda Sədəf Etimadi, Nəsrin Həmidi, Pərisa Ağayipur, Sevilay Zeynalı, Sanay Zeynalı, Elay Əsədzadə, Məhya Nəqəvi, Şanlı Xurşidi, Selin Fərşbaf, Mübinə Nüsrəti, Besna Əhmədiyyən, Səna Purasiyabi, Aysan Dibavər, Aynaz Əliməhəmmədi, Əsəl Purcəfər və Rəna İrani çıxış edib.
Kişilərin rəqs qrupunda isə Bərdia Baqirzadəgan, Hüseyn Baxşı və qrupun digər üzvləri fəallıq göstəriblər.
«Azerbaijan Post»